Xəzri

Nədəndir sakit olmaz, hər gün aramsız əsər xəzri,

Yə’qin ki, axtarır hər yerdə ol güldən əsər xəzri.

 

Rəva görməz özündən başqa bir kəs o gülə baxsın

Onunçün gözlərimə gündə toz-torpaq ələr xəzri

 

Necə gör bir sınıbdır qol-budağım, öylə bil ki, mən

Açıqlıqda bitən tənha çinarəm, qəm-kədər xəzri

 

Səbanın istirahət vaxtı çatmışsa, zərər yoxdur

 Saçın ətrin bu gündən ver gətirsin hər səhər xəzri

 

Ayağın dəydiyi hər zərrə torpağı öpərdim mən

Götürüb qaçmasaydı məndən əvvəlcə əgər xəzri.

 

Bir an da istəmir ki, səndən ayrılsın, onunçün də

 Bu yerlərdən kənara etməz heç bir vaxt səfər xəzri

 

Bu yanda Fəhmi tək aşiqlərin qalmış sənə həsrət

 O yanda çəkmiş ağuşa səni o bəxtəvər xəzri